“Əz onu!…məhv elə və onun yerində sən ol!. Zəifdisə ayaqlarının altında saxla!”
Təssüf ki, belə yetişdirilirik və yetişməkdəyik. Düşmən hissi , qisas hissi, qatillik hissi ilə. Güclülər daim zəiflərə qarşı, zəiflərə də güclülərə… Ortaq nöqtəsini tapa bilməmişik, tapmaqda istəmirik deyəsən. Həmişə ümid edərək yazırıq. Yazarlar da sonluğu ümidlə vururlar. Amma, bu ümid yalandan sabaha verdiyimiz sözlərə bənzəyir.
Bu dünyanın yalnız səninçün yaradıldığını düşünürsən. Özünküləşdirmək istəyirsən. Başqa heç kim. “Nəyimə lazımdı kimsə”. Sənə görə, mənə görə, ona görə, onlara görə, sizlərə görə…axı bu dünya bizə görə yaradılıb. Sən bunu anlamaq istəmirsən. Başqa dünyalar axtarmaqdasan. Bol sərvətli, verimli torpaqlar ki, orda özündən birini qul kimi işlədəsən, əzəsən, söyəsən, döyəsən…Sən Allahlıq iddiasındamısan?. Allah bizi görüb Allahlığından bezib bəlkə…
Səni qınamıram…
Anan Həvva , qardaşın Qabil bizi və birliyi düşünmədikdən sonra sənmi düşünəcəksən?!.
Bəlkə hə…
Niyə də olmasın. Gəl , göstərək ki, bu dünyanı gözəlləşdirə bilərik. Nağıllardakı xoşbəxtlər ölkəsinə çevirək dünyamızı. Sən başala, mən başlayım, biz birlikdə başlayaq!. Boş nağıllarla böyümüşük xeyir olamsa şər olmaz, şər olmasa xeyir olmaz deyə. Bunlar hamısı uydurmadır. Keçmiş bizlər çıxartmışıq bu yalanları. Bacarmadığımız, dəyişmək, dəyişdirmək istəmədiyimiz üçün. Yaxşıların dünyasını qura bilərik.
Qorxursan, itirməkdən qorxursan. Sən ey zəngin, pulunu itirməkdən, itən pullarının arxasında qürurunu itirməkdən qorxursan. Sənsə ey kasıb , zənginləşməkdən qorxursan, zənginləşdikcə şərəfini itirməkdən qorxursan. Özümüz özümüzü qorxuduruq əslində.
Dəyişmə də belədir. Qorxursan ki, sənə güləcəklər. “Sənmi dəyişəcəksən dünyanı?” deyəcəklər, güləcəklər, məsxərəyə salacaqlar…Bundanmı qorxursan?!. Sənə gülənlər səndən daha çox qorxurlar. İtirəcəklərinin ucbatından.
Bax o zaman dünya dəyişə biləcək ki, biz bizliyin mahiyyətinə varacağıq. O zaman ki, günahlarımızı ört-bastır etmək üçün dilənçilərə “başımıza dolayıb, ürəyimizdə söyə-söyə” verdiyimiz 5 qəpik əvəzinə dilənçinin əlindən tutmağa çalışacağıq. Bu o zaman olacaq ki, cibimizdə 5 qəpik olmayan zaman dilənməyə başlamayacağıq. Bu o zaman olacaq ki, biz aclıqdan ölməmək üçün özümüzü satmayacağıq. Bu o zaman olacaq ki, sərhədlər qaldırıb, silahları yandırılacaq. Bu o zaman olacaq ki, birinci addımın kiminsə atmağını gözləməyib sən atcaqsan..
Gəl..birinci addımı biz ataq….