Təxminən bir ay öncə həmişə kitab aldığım mağazaya getmişdim. Adətim üzrə kitablara göz gəzdirir, maraqlı birini seçmək istəyirdim. Birdən gözüm çoxdan dilimizə tərcüməsini səbirsizliklə gözlədiyim kitaba sataşdı. Bu kitab xx əsrin ən böyük filosoflarından biri, yazıçı, dramaturq və marksist,ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanı “Ürəkbulanma” idi. Romanı dərhal aldım. Oxudum, bitirdim, amma, açığı deyim heç nə başa düşmədim. İkinci, üçüncü dəfə təkrarən , yenə oxudum. Hərçənd bir şey belə anlamamışdım. Dördüncü dəfəyə başlamağı qərara aldım . Amma bu dəfə başqa cür. İlkin olaraq, müəllif-Sartr haqqında bilgilər edinməyə başladım. Onun həyatı, fəaliyyəti və fəlsəfəsi barədə araşdırma etdim. Sonra yenidən oxumağa başladım “Ürəkbulanma”nı. Gözümü kitabdan çəkindirmədən. Hər bir cümləni, sözü incələyərək, necə deyərlər, süzgəcdən keçirərək oxudum. Və nəhayət ki, Sartrın “Ürəkbulanma”sını anladım.
Yazardan: “Bircə şey məni narahat etdi. Dost-tanışların hansı kitabı oxuyursan? sualına “Sartrdandı. Ürəkbulanma” cavabını verəndə, onların üzlərində yaranan mimikalar. Bilirdim bunun səbəbini. Sartrın atesit filosof olması. Axı bizim millət ateist görəndə, bu sözü eşidəndə arxalarına belə baxmadan qaçırlar”.
Jan Pol Sartr(fr.Jean-Paul Charles Aymard Sartre) haqqında bir neçə söz…
1905-ci ildə Fransa-Parisdə dənizçi ailəsində yeganə övlad olaraq dünyaya gözünü açdı. Hələ bir yaşında ikən atasını itirir və babasının himayəsinə keçir. Sartrın istedadını görən babası – Şarl Şveyster onu məktəbdən çıxarır. Əvəzində isə evdə onun üçün xüsusi müəllimlər tutur. Sartr bəlkədə ilk böyük sarsıntısını 1917-ci ildə anası ikinci dəfə ailə həyatı quranda aldı. Anasının ikinci həyat yoldaşı ilə birlikdə Fransanın cənubuna getdi və 1920-ci ildə Parisə qayıda bildi. IV Henrix liseyində təhsilini davam etdirir və ilk şeirləri də dövrü mətbuatda çap olunmağa başladı. Onu da xatırladım ki, Sartr fəlsəfə üzrə təhsil almışdı. Və hərbi xidmətdən qayıtdıqdan sonra Qavr liseyində dərs deməyə başladı. Bu mühit ona çox böyük təsir etdi. 1933-34-cü illərdə o Almaniyada Edmund Qussler və Martin Haydegger kimi tanınmış filosoflarla tanış olma və təcrübə keçmək şansı əldə etmişdi. 1937-ci ildən etibarən doğma şəhəri Parisdə müəllimlik fəaliyyətini davam etdirir.
Qavr liseyində müəllimlik etdiyi zamanda yazdığı ilk bədii əsəri və romanı “Ürəkbulanma ” Parisdə 1938-ci ildə çapdan çıxır və böyük rezanans doğurur. Bu kitab onun sonrakı fəaliyyətinə də təsir edir, eynən də Fransada Sartrı tanıdır. Elə həmin ildə növbəti marağa səbəb olan əsəri “Divar” adlı hekayələr kitabı-novella- çap olundu. Hər iki kitab Fransada ilin kitabı adına layiq görüldü. Bununlada Sartr Fransada Günəş kimi parlamağa başladı.
İkinci dünya müharibəsinin başlanılması və Fransanın işğalı Sartrın faciəsinə çevrildi. O əsas cəhhə-orduda deyil, meteoroloji hərbi hissədə xitmət etməli olmuşdu. Buna səbəb onun görmə qabiliyyətinin zəif olması idi. Hətta Alman birlikləri Parisə daxil olanda yazıçı əsir alınmış və 1941-ci ilə azad oluna bilmişdi. Müharibə dövründə Sartrın siyasi meyilləri daha da artmışdı. Düzdü “Müqavimət hərəkatı”na birbaşa qoşulmamışdı, amma, ən böyük dəstəkçilərindən biri idi. Hətta onlara dəstək cəmiyyəti də təşkil etmişdi. Elə sonradan yaxın dosuna çevriləcək olan Albert Kamyu ( həm Sartr, həmdə Kamyu “solçu” idi) ilə bu cəmiyyətdə tanış olmuşdu.
Müharibə dövründə Sartr bir-birinin ardınca öz əsərlərini Fransa ilə tanış edirdi. 1943-cü ildə ilk pyesi “Milçəklər” səhnələşdirilir. Bu pyes dərin fəlsəfəyə mailk idi. Qədim yunan mifinə( Orest haqqında) əsaslanaraq dünyada obyektiv əxlaqın mövcüd olmadığı və buna görədə insanların sərbəst seçim haqqını özlərində saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. Əslində bu işğal altındakı Fransada sərbət seçim faşizmə qarşı bir mübarizə idi.Onu da qeyd edim ki, bunu başa düşən Almamiya əsərin səhnələşdirilməsini qadğan etdi.Elə eyni ildə iri həcmli fəlsəfi traktatını- “ Mövcudluq və Heçlik”- kitabını qələmə alır. Kitab yazıldığı dövrdən ekzistensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməхsus Bibliyasına çevrilə bilmişdi. Bu Sartrın ən böyük uğurlarından biri idi. Müharibənin sonuna doğru isə Sartr artıq ekzistensialistlərin tanınan və hamı tərəfindən qəbul edilən bir lideri idi. İnsan seçiminə və azadlığına böyük önəm verən bu fəlsəfi təlimin populyarlığı onun eyni zamanda “Müqavimət hərəkatı” ilə bağlılığında idi. Fransız cəmiyyətinin müхtəlif təbəqələri arasında əməkdaşlıq və ümumi düşmənə qarşı birgə mübarizə fəlsəfəsi olan ekzistensializm əsasında intellektualları birləşdirməyə, yeni mədəniyyət yaratmağa böyük ümidlər vardı.
“Sartr istər bədii yaradıcılıq , istərə də fələfi yaradıcılığa eyni həvəs və intensivliklə çalışmağa davam edirdi. Bu mənada “Çirkli əllər” (1948) və “Azadlığın yolları”(1945-49) pyesləri əlində fəlsəfi təlimi bədii obrazlar vasitəsi ilə şərh etmək cəhdi idi. Öz ampluasını genişləndirən filosof artıq ekzistensializm prinsiplərini bioqrafik janra tətbiq etdi. “Şarl Bodler”(1947) və “Jan Jen” (1952) kimi məşhur həmvətənlilərinin həyat və yardıcılıqlarını tədqiq etmişdi.
Marksizm Sartrı 40-cı illərdən başlayaraq maraqlandırmağa başladı.1944-cü ildə onun rəhbərliyi ilə aylıq “ Les Temps Modernes” jurnalı təsis olunduqdan sonra ədəbi və ictimai problemlərin marksizm nöqtey-nəzərdən işıqlandırılması yeni nəşrin əsas mövzusu idi.Sonrakı onillikdə isə filosof ədəbiyyat, teatr və etika ilə bağlı məsələlərdə marksizmin açıq təbliğatçılarından biri kimi tanınmağa başlamışdı. Sartr inqilabi dəyişikliklərdən qaçmağı humanizm ideallarına xəyanət kimi qiymətləmdirirdi. Müəllif “Dialektik Zəkanın tənqidi” əsərində(1960) marksizmlə ekzistensializmi barışdırmağa cəhd göstərmişdi. Onun fikrincə , “ fərdi azadlıq vasitəsi ilə marksizmi xurafatdan xilas etmək, marksizmin vasitəsi ilə ekzistensializmini fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək” mümkündür. Ona görə ki, marksizm bəşər tarixinin tək düzgün izahıdır”. ( “Ürəkbulanma” kitabından )
1964-cü ilə Jan Pol “zəmanəmizə mühüm təir göstərən ideyalarla zəngin azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görüldü. Sartr isə bu mükafatdan könüllü surətdə imtina etdi. Sonradan filosofun “Mükafatdan niyə imtina etdim” adlı yazısı dərc olunur. O, bunu iki səbəbdən açıqlayırdı: Şəxsi səbəblər və obyektiv səbəblər.
Jan Pol Sartr çoxsaylı demokratik , maoist hərəkatların iştirakşısı və simvolu olmuşdur. O, Əlcəzair və Vyetnam müharibələrinin, ABŞ ordusunun Kubaya girməsinə qarşı təşkil olunan etirazların əsas iştirakçılarından biri idi. Həyatı boyu siyası baxışını demək olarki, həmişə dəyişib , amma, eyni zamanda da həmişə sol fikirli olaraq qalıb. Həyatının sonuna yaxın qloukoma xəstəliyindən əziyyət çəkirdi. Bunu nəticəsi olaraq görmə qabiliyyətini tamanən itirən Jan Pol tənha həyat yaşamış, siyası prosesləri passiv müşahidəçi qismində izləmişdir. Müdrik Sartr 1980-ci ildə həyata gözlərini yumdu , bir daha açmamaq üzrə. Onun dəfn gününə 25 mindən çox insan qatılmışdı.
Sartr haqqında deyilənlərdən…
Fransa-Paris tələbələrinin 1968-ci ildəki nümayişi Sart kimi özünün güclü və nüfuzlu tərəfdarlarından birini tapmışdı. Nümayiş zamanı Sartr da elə iştirakçıların çoxu ilə birlikdə polisə müqavimət etmək bəhanəsi ilə saxlanılmışdı. Fransanın həmin dövrdə president köşkündə əyləşən Şarl de Qoll hadisədən xəbər tutn kimi işə qarışır və Sartrdan özü şəxsən üzr istəyir. Polis rəhbərliyinə isə belə deyir: “ Siz Volteri həbs edə bilməzsiniz!”.
Fransız filosofu Lui Altyusser Sartrın ölümündən sonra onun haqqında sözlərini ifadə edərkən demişdi: “ O, bizim Jan Jak Russomuz idi”.
“Mond” qəzeti filosofun vəfatı ilə bağlı olaraq nekroloq çap etmişdi. Nekroloqda yazırdı: “ XX əsrdə heç bir fransız intelektual, heç bir mükafatı laureatı cəmiyyət həyatında Sartr qədər dərin , uzun müddətli və geniş təsir göstərə bilməmişdir”.
Jan Pol Sartrın bütün yaradıcılığı…
Bədii əsərləri: “Ürəkbulanma” ; “Çirkli əllər” ; “Azadlığın yolları”( tamamlanmamış tetralogiya); ”Sözlər” ; “Freyd” – kinossenariya; “Kamilliyin yaşı”; “Möhlət”; “Qəlbdə ölüm”; “Qəribə dostluq”.
Pyesləri: “Milçəklər”; “Bağlı qapılar arxasında”; “Dəfn olunmamış ölülər”; “Möhtəşəm fahişə”; “Şeytan və tanrı”; “Ancaq həqiqət”; “Altona rahibləri”; “Novellalar toplusu –Herostrat”; “Divar”; “Otaq”; “Herostrat”; “İntim”; “Sahibin uşaqlığı”; “Troyalı xanımlar”- Evripida faciəsinin motivləri əsasənda.
Fəlsəfi və nəzəri işləri: “Ədəbiyyat nədir”; “Mövcudluq vəheçlik”; “Qusserl fenomenologiyasının əsas ideyası-intensiallıq”; “Metodun problemləri(fraqmentlər)”; “Təxəyyül”; “Eqonun transendentliyi.Fenomonoloji təsvirin eskizi”; “Eksiztensializm-humanizmdir”; “Kartezian azdlığı”; “Başqasına ilkin münasibət.Sevgi, dil, mazoxizm”.
Siyasi işləri: “Yəhudi məsələsinə dair düşüncələr”; “Soyqırıma dair”; “Mükafatdan niyə imtina etdim”; “Əxlqdan məhrum dövr”; “Kommunist partiyasının yol yoldaşı”; “Sol radikallıq və qeyri-reallıq”; “Andress Baaderin asta ölümü”; “Fransadakı maoistlər”;“Qiyam-doğru yoldur”.
Ürəkbulanma…
Sartr bu romanı Havrda dərs dediyi vaxtda yazıb və ilk adı da “Melanxoliya” olub. Sonradan əsərin adı dəyişdirərək “Ürəkbulanma” edilib. Nə demək olar. Bəlkədə Sartrın həqiqətəndə bu cəmiyyətdən ürəyi bulanırdı. Onu da qeyd edim ki, elə əsərin içərisində də ürəkbulanma sözü təkrarlanır. Sartrın ateist-ekzistensialist baxışları demək olar ki, kökünü bu əsərdən götürür. Yazıçı əsərdə bir sıra mövzu, proplem qaldırır ki, bu da daha çox mövcudluq fəlsəfəsi üçün xarakterikdir. Bunlar insan taleyi,xaos, insan həyatının absurdluğu, qorxu hissi, ümidsizlik, çarəsizlik, yaşamağın mənasızlığı, tənhalıq kimi mövzulardır.O azadlığın mənasını onun mövcudluğa gətirdiyi çətinliyi, onların öhdəsindən gəlmək üçün şansları xüsusi ilə qeyd edir.
Romanın protoqonisti həqiqəti tapmağa və onu anlamağa , başa düşməyə çalışır. Absurd. Bax, bu hər şeydən öncə həyatın mənasızlığı və irrasionallığının dərk olunmasıdır. Əsər oxucu ilə Antuan Rokantenin gündəliyi kimi təqdim olunur. Əslində, mənim fikrimə görə, burada Rokanten elə Sartrın özü idi. Və ürəkbulanma da Rokantenin deyil Sartrın ürəkbulanması idi. Sartr özü müşahidələrini qeyd edərdi və əsərdə qeydlər əsasında yazılıb. Birdə yada salaq ki, Sartrın ekzistensializmi bu əsərdən başalyır. Romanda gündəliyin ancaq bir neçə günü ilə tanış oluruq. Əsas məqsəd əsil həqiqəti axtarıb tapmaqdır. Rokantenin başına gəlmiş hansısa dəyişiklik narahat edir, aydınlaşdırmaq istəyir, tapmaq istəyir, amma, tapa bilmir. Ara-sıra Rokantendə ürəkbulanma olur.Ürəkbulanmanın səbəbi nədə idi. Antuanın dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olan hislərin kəskinləşməsində idi. Bəzən ətrafda olan hər şey, demək olar ki, hər şey onun üzərinə yıxılır-pozucu, cansıxıcı, ürəkbulandırıcı(əsərin müəyyən hissələrində bəzi insanları ürəkbulandırıcı adlandırır)obrazlar, insanlar, ağırlaşmış hava və divarın rəngi( ətraf nəzərdə tutulur). Bu idi onun ürəyini bulandıran ətrafdakılar. Bu ürəkbulanmanı onun sonrakı əsərlərində də görmək olar. Misal olaraq, “Divar” və “Mövcudluq və heçlik” əsərlərindədə müşahidə edə bilərik. Əsərdə nə yüksəliş , nə də eniş xətti var. Sadəcə olaraq hələ dəqiq tarixi də bilinməyən qeydlərdən söz açılır.
İlk dəfə yerdə gördüyü bir daş hissəciyini götürmək istəyir , bunu bacarmadığını başa düşür.Çünki elə bu anda ürəkbulanma başlayır… mövcüdluğun absurdluğa qarşı ürəkbulanmasını…varlıqların, var olanların mövcudluğa…dolğunluğa qarşı duyulan bir ürəkbulanma idi bu. Sartr düşünürdü ki, “bu ürəkbulanma hisi insanın varlıların özlərində doğurduqları mənasızlıqdan qurtulmasını təmin edir və onu şüurlu olma nöqtəsini gətirir”. Əsərdə ifadə olunan əsas məna şəxsin azadlığıdır ki, bu da Jan Polun həyatı boyu müdafiyə etdyi bir fəlsəfə idi.
Sonda Jan Pol Sartr müdrik bir şəxsiyyət idi. O dövrünün ən böyük filosoflarından biri idi. Sözün əsl mənasında filosof idi. Və miras qoyub getdiyi dəyərlər də istər ədəbiyyat , istərsədə fəlsəfə açısından bizlər üçün əvəzedilməzdir. O insanlara çox önəm verirdi və onu daim düşündürən “insan” sözcüyü idi. Birdə “azadlıq”. “Ürəkbulanma” isə fəlsəfə tarixində gəlmiş-keşmiş ən böyük əsərlərdən biridir. Bəzən ilk olaraq bunu anlamırıq. Amma özümüzü Anton Rokantenin , yəni Sartrın yerinə qoysaq bunu anlayarıq.Və bu ürəkbulanmaya haqq verərik…